Dünya İqtisadiyyatı
Kölgədə Qalan İqtisadiyyat: Kim uduzur, kim qazanır?

Dövlətin diqqətindən yayınan, lakin cəmiyyətin içində açıq şəkildə mövcud olan bir iqtisadi sistem var: kölgə iqtisadiyyatı. Bəzi ölkələrdə bu iqtisadiyyat ümumi daxili məhsulun (ÜDM) 20-30%-ni təşkil edir.
Kölgə iqtisadiyyat – dövlətə bəyan olunmayan, vergidən yayınan, əmək münasibətləri qeydiyyatsız olan və statistika sisteminə düşməyən iqtisadi fəaliyyət növləridir. Bu fəaliyyətlər qeyri-qanuni olmaya da bilər, lakin onların dövlət qeydiyyatından və nəzarətindən kənarda qalması onları "kölgə"yə çevirir.
Kimlər qazanır?
- Qeydiyyatsız sahibkarlar və müəssisələr – vergi ödəmirlər, əmək müqaviləsi bağlamırlar, məsuliyyət daşımaqdan yayınırlar.
- Nağd ödənişə üstünlük verənlər – bank komissiyalarından və izlənmədən qaçırlar.
- Sosial müdafiə sistemindən kənarda olan işçilər – bir çoxu rəsmi maaşdan daha çox nağd gəlir əldə edir.
Bu şəxslər qısamüddətli dövrdə maddi olaraq qazansalar da, uzunmüddətli risklər onları da əhatə edir: pensiya hüququnun olmaması, tibbi sığortanın əhatə etməməsi, hüquqi müdafiəsiz əmək münasibətləri və s.
Kimlər uduzur?
- Dövlət büdcəsi itiriri. Verrgi bazası daralır, sosial layihələrə və infrastrukturun maliyyələşməsinə vəsait az olur.
- Rəsmi işləyən sahibkarlar üçün qeyri-bərabər rəqabət mühiti yaranır.
- Əmək bazarında iştirak edən vətəndaşlar qeydiyyatsız işlədikdə sosial hüquqlarını itirirlər.
- Təhsil, səhiyyə, pensiya fondları və dövlət proqramları zəifləyir.
Dövlət Statistika Komitəsinin məlumatlarına və beynəlxalq hesabatlara əsasən, kölgə iqtisadiyyatının səviyyəsi 20-25% arasında qiymətləndirilir. Bu isə ölkə iqtisadiyyatı üçün böyük itkilər deməkdir.
Niyə insanlar kölgəyə üstünlük verir?
- Rəsmi qeydiyyatın çətinliyi və bürokratiya
- Yüksək vergi dərəcələrindən yayınmaq istəyi
- Dövlətə və hüquqi sistemə inamsızlıq
- Əmək bazarında qeyri-rəsmi iş tapmağın daha asan olması
Bu prosesin qarşısının alınması ilə bağlı bəs dövlət nə edir?
- "Əmək müqaviləsi bildirişi" sisteminin tətbiqi
- Nağdsız ödənişlərin təşviqi və POS-terminal məcburiyyəti
- Kiçik və Orta Biznesin inkişafı üçün güzəştli vergi rejimləri
Bu addımlar nəticəsində bəzi sahələrdə qeydiyyatlı işçi sayı artmış, vergitutma bazası genişlənmişdir.
Kölgə iqtisadiyyatla mübarizə üçün sadələşdirilmiş qeydiyyat prosedurlarına keçid zəruridir. Kiçik sahibkar üçün hüquqi fəaliyyətə başlamaq asanlaşdırılmalıdır. E-qeydiyyat, e-vergi, e-əmək müqaviləsi kimi alətlər genişləndiril-məlidir. Rəsmi işləyənlərə və qeydiyyatlı müəssisələrə vergi güzəştləri, dövlət sifarişləri kimi təşviqlər verilməlidir. Qanunlara əməl etməyənlər üçün isə effektiv sanksiya mexanizmləri qurulmalıdır.
Kölgə iqtisadiyyatı cəmiyyətin yalnız bir hissəsinin problemi deyil – bu, bütöv bir ölkənin iqtisadi sabitliyinə və sosial rifahına təhlükədir. Qısa müddətli qazanc düşüncəsi uzunmüd-dətli itkilərə səbəb olur. Bu problemi aradan qaldırmaq üçün dövlətin, vətəndaşın və sahib-karın birlikdə hərəkət etməsi vacibdir.
Uzaqdan işin yayılması və əmək münasibətlərində baş verən dəyişikliklər
Son illərdə xüsusilə pandemiyadan sonra əmək bazarında böyük bir dəyişiklik müşahidə olunmaqdadır. Ən diqqət çəkən dəyişikliklərdən biri isə uzaqdan iş modelinin sürətlə yayılmasıdır. Əvvəllər yalnız texnoloji və yaradıcı sahələrdə rast gəlinən bu format, indi maliyyə, təhsil, konsaltinq və bir çox digər sahələrdə də geniş tətbiq olunur.
Uzaqdan iş: Yeni normaya çevrilən model
2020-ci ildən sonra bir çox şirkətlər uzaqdan işləməyi müvəqqəti həll kimi görsələr də, sonradan bu modelin effektivlik və resurs qənaəti baxımından üstünlüklərini qəbul etməyə başladılar. Microsoft, Google, Meta və digər texnoloji nəhənglər bu istiqamətdə hibrid və ya tam uzaqdan iş modellərini inkişaf etdirdilər. Hətta bəzi ölkələrdə "rəqəmsal köçəri vizaları" təqdim edilərək, peşəkarların başqa ölkələrdən işləməsi stimullaşdırılır.
Uzaqdan işin yayılması yalnız iş yerini dəyişməklə məhdudlaşmır. Bu dəyişikliklər əmək münasibətlərinə də birbaşa təsir göstərir:
• Əmək müqavilələrində dəyişiklik: İş vaxtı, məsuliyyət bölgüsü və performans meyarları yenidən tərtib olunur. İşəgötürənlər artıq nəticəyə əsaslanan qiymətləndirmə sistemlərini tətbiq edirlər.
• Nəzarət və etibar balansı: Əvvəllər ofisə gəliş-gediş vaxtı əsas meyar kimi qəbul olunurdusa, indi işin keyfiyyəti və nəticələr daha çox önə çıxır. Bu isə rəhbərlərin işçilərə daha çox güvənməsini və şəffaf KPI-lar yaratmasını zəruri edir.
• İşçilərin hüquqları: Evdən işləyən işçilərin əlavə xərcləri (elektrik, internet, iş yeri avadanlıqları və s.) ilə bağlı hüquqi mübahisələr bəzi ölkələrdə artıq məhkəmə predmetinə çevrilib.
• Psixoloji təsirlər: Sosial təcrid, iş-ev balansının pozulması, tək qalmaq kimi problemlər uzaqdan işləyən işçilərin psixoloji rifahına təsir edir. Bu səbəbdən şirkətlər mental sağlamlıq dəstəyi proqramlarını genişləndirirlər.
Uzaqdan işin (freelance və remote) davamlı və uğurlu şəkildə davam etməsi üçün bəzi şərtlərin olması vacibdir:
1. Rəqəmsal infrastrukturun gücləndirilməsi – Təhlükəsiz və dayanıqlı texnologiya sistemləri olmadan effektiv uzaqdan iş mümkün deyil.
2. Daxili kommunikasiya və komanda ruhu – Onlayn platformalarla (Slack, Teams, Zoom və s.) daimi əlaqə saxlanmalı və əməkdaşlıq ruhu qorunmalıdır.
3. Performansın ölçülməsi üçün yeni metodlar – Ənənəvi “iş saatı” anlayışından çıxaraq, nəticə əsaslı göstəricilər əsas götürülməlidir.
4. Davamlı təlim və inkişaf – Uzaqdan çalışanların bacarıqları mütəmadi yenilənməli, xüsusilə texnoloji savadlılıq artırılmalıdır.
Azərbaycanda da uzaqdan işə maraq artmaqdadır. Xüsusilə gənclər və İKT sahəsində çalışanlar bu formatı daha çox seçirlər. Lakin ölkədə bu istiqamətdə hüquqi tənzimləmələr və şirkətlərin adaptasiya səviyyəsi hələ tam formalaşmayıb. Dövlət qurumları və özəl sektor bu dəyişikliklərə uyğunlaşmaq üçün əmək qanunvericiliyində müasir dəyişikliklər etməlidirlər.
Azərbaycanda bu işlər həm freelance, həm də remote və hybrid formada olur.
1) Tam uzaqdan iş (Remote-Only)
Bu modeldə işçi ümumiyyətlə ofisə gəlmir, işlərini evdən və ya istədiyi məkandan idarə edir.
2) Hibrid iş modeli (Hybrid Work)
Bu modeldə işçilər həftənin müəyyən günlərini ofisdə, müəyyən günlərini isə evdən işləyirlər. Azərbaycanda bir çox beynəlxalq şirkət və korporativ struktur bu modeli tətbiq edir. Komanda ruhu qorunur, lakin eyni zamanda çeviklik təmin olunur.
3) Freelance əsaslı əməkdaşlıq
Freelancerlər konkret layihələr və ya tapşırıqlar üçün müəyyən müddətə cəlb olunur. Bu əmək münasibəti rəsmi əmək müqaviləsi əsasında deyil, sifariş əsaslı xidmət müqaviləsi ilə tənzimlənir.
4) Əmək müqaviləsi əsasında evdən iş
Bəzi şirkətlər əmək müqaviləsi bağlamaqla işçiyə uzaqdan işləməyə şərait yaradırlar. Bu zaman əmək haqqı, iş saatları və digər hüquqlar qorunur. Məhdud şəkildə tətbiq olunur, çünki bir çox müəssisədə hələ də nəzarətə əsaslanan idarəçilik mədəniyyəti qalır.
5) Outsourcing və outstaffing modelləri
Bəzi yerli şirkətlər insan resurslarını xarici bazardan cəlb edir və ya öz mütəxəssislərini digər ölkələrdəki şirkətlərə “icarəyə” verir.
Bu fəaliyyətlə məşğul olanlar üçün isə hələ də, bir neçə problem var. Bunlar isə, əsasən aşağıdakılardır:
Hüquqi çərçivənin qeyri-müəyyənliyi – Əmək Məcəlləsində uzaqdan iş tam şəkildə tənzimlənmir.
İşəgötürənlərin etibarsızlığı – Bəzi işəgötürənlər iş prosesini nəzarətsiz hesab etdikləri üçün bu modelə tərəddüdlə yanaşırlar.
Texniki avadanlıq və infrastruktur – Hər kəsin evində uyğun iş şəraiti və texniki baza mövcud deyil.
Əmək haqqı və sosial təminat məsələləri – Freelancer və müqavilə əsaslı çalışanların sosial hüquqları əksər hallarda qorunmur.
Dövlət tərəfindən hal hazırda bu istiqamətdə yəni uzaqdan işin təkmilləşməsi istiqamətində işlər görməkdədir. Nümunə olaraq bir neçə qurumu qeyd edə bilərəm.
Dövlət Məşğulluq Agentliyi – Distant işlərə dair maarifləndirmə işləri aparır, bəzi platformalar üzərindən təlimlər keçirilir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) – Startaplara və texnoloji komandaların uzaqdan fəaliyyətinə dəstək verən layihələr həyata keçirir.
Uzaqdan iş gələcəyin deyil, artıq bu günün iş modelidir. Şirkətlər və dövlətlər bu dəyişikliklərə uyğun strategiyalar tərtib etməli, əmək münasibətlərində balanslı və ədalətli yanaşmalar qurmalıdırlar. Bu, yalnız işçilərin məmnuniyyətini və məhsuldarlığını artırmayacaq, həm də iqtisadi inkişafda yeni bir mərhələnin əsasını qoyacaqdır.
Mənbələr
1. World Economic Forum – "The Future of Jobs Report 2023"
https://www.weforum.org/reports/the-future-of-jobs-report-2023/
2. McKinsey & Company – "What executives are saying about the future of hybrid work"
https://www.mckinsey.com
3. International Labour Organization (ILO) – "Working from home: From invisibility to decent work"
https://www.ilo.org
4. Microsoft – Work Trend Index Report 2022
https://www.microsoft.com/en-us/worklab/work-trend-index
5. Azərbaycan Respublikası Əmək Məcəlləsi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi